Arterial qanaxma zamanı ilk yardım
Yaralanmalar zamanı bir litrə qədər qan itirmə orqanizm üçün ciddi fəsadlar yaradır. İki litr qan itirmə isə artıq ölümə səbəb olur.
Arterial qan damarları venalara nisbətən daha dərində yerləşir. Dərin kəsilmiş, çapılmış, deşilmiş yaralanmalarda arteriyalar zədələnə bilər. Bu zaman arterial qanaxma baş verir. Bütün qanaxma növlərindən ən təhlükəlisi arterial qanaxmadır. Çünki arterial qanaxma zamanı olduqca qısa müddət ərzində yaralının həyatı təhlükə altında olur. Magistral arteriyaların (yuxu arteriyası, bud arteriyası, bazu arteriyası) zədələnməsi daha təhlükəlidir, qanitirmə nəticəsində bir neçə dəqiqəyə ölüm baş verir.
Qəzetimizin keçən sayında kapillyar qanaxma və venoz qanaxmalar barəsində məlumat vermişdik. Arterial qanaxmanı necə fərqləndirmək olar?
- qan al qırmızı rəngdə olur (venoz qan isə tünd qırmızı rəngdə);
- qan böyük təzyiqlə, fəvvarə kimi xaricə fışqırır (venoz qan yavaş-yavaş və səssiz axır);
- qan pulsasiya şəklində fısqırır, yəni ürəyin döyüntüsünə uyğun olaraq hissələrlə bayıra atılır (venoz qan fasiləsiz axır);
Arterial və venoz qanaxmaların fərqi aşağıdakı şəkillərdə görünür.
Yaralanmalar zamanı ilk yardımın vacib tərkib hissəsi qanaxmanın dayandırılmasıdır. İlk yardım göstərərkən qanaxmanın müvəqqəti dayandırılmasına nail oluruq.
Arterial qanaxmanın müvəqqəti dayandırılması.
1. Barmaqla arteriyanın sıxılması üsulu; Arteriyanı zədələnmiş yerdən yuxarıda barmaqla sümüyə sıxıb saxladıqda qanaxma müvəqqəti olaraq dayanır. Bu üsulu müvəffəqiyyətlə tətbiq etmək üçün sıxılma nöqtələrini bilmək lazımdir.
Şəkildə arteriyaların sümüyə sıxılma nöqtələri göstərilmışdir.
Adi vaxtlarda bu nöqtələrdə nəbz əllənir. Sıxmanı düzgün etməklə qanaxmanı müvəqqəti dayandırıb daha etibarlı üsul tətbiq etmək üçün vaxt udmaq olur.
2. Sıxıcı sarğı qoyulması; Sıxıcı sarğı toxumalara təzyiq yaradaraq qan damarının mənfəzinin qapanmasına səbəb olur, qanaxma müvəqqəti dayanır. Sıxıcı sarğının qoyulması qaydasını bir də yada salaq:
- yaralı ətrafı yuxarı qaldırın;
- yaranın kənarları hər hansı antiseptik məhlulla silinir;
- steril bint və ya tənzif bir neçə qat bükülür və yaranın üzərinə qoyulur;
- onun üzərinə yastıqca şəklində yumrulanmış pambıq və ya bükülmüş tənzif və s. qoyulur;
- nəhayət, onun da üstündən bərk sıxmaqla bintlə sarınır. Belə ki, yaranın üzərinə qoyulmuş yastıqcanı sıxıb sarıdıqda, o yaraya təzyiq edərək kəsilmiş damar uclarını kip olaraq sıxır və qanaxma dayanır;
- əgər qan sarğıdan sızarsa, elə həmin sarğının üzərinə əlavə bükmə və ya yastıqca qoyub bir daha sıxmaqla sarıyın (qana bulaşmış sarğını götürməyin ki, qanın laxtalanma prosesi pozulmasın);
- əgər əl altında steril bint və tənzif olmasa, sarğını əl altında olan təmiz parça materialla qoymaq olar.
3. Jqutla sıxma üsulu; Bu ən etibarlı üsuldur. Sıxıcı sarğı kömək etmədikdə, ətrafın tamamilə kəsilib (qopub) düşməsində, güclü qanaxma ilə müşayiət olunan böyük yaralanmalarda bu üsul yaxşı nəticə verir. Jqutu yaralanmış nahiyədən yuxarıya qoyurlar. Yaralı ətrafı yuxarı qaldırmaqla və yumşaq toxumaları qorumaq üçün jqutun altından parça material qoymaqla jqut dartılıb bağlanır. Jqut o qədər sıxılır ki, nəhayət qanaxma dayanır.
Bundan sonra həmin ətraf hərəkətsizləşdirilir. Jqutun qoyulma vaxtı qeyd edilmiş kağız jqutun altına bərkidilir. İsti vaxtlar 1,5 saatdan, soyuq aylarda 1 saatdan artıq jqutu sıxılmış vəziyyətdə saxlamaq olmaz. Bu qədər vaxt kifayət edər ki, zərərçəkən həkimə çatdırılsın. Bu vaxt ərzində həkimə çatdırmaq mümkün olmasa jqutu ehtiyatla 3-5 dəqiqə boşaldır, yenidən sıxıb bərkidirlər.
4. Yaralanmış ətrafı maksimal dərəcədə büküb bağlamaq. Həm yuxarı, həm də aşağı ətraflarda qanaxmanı müvəqqəti dayandırmaq üçün bu üsuldan da istifadə edilir. Yaralanmış nahiyədən yuxarıda oynağı maksimal dərəcədə büküb belə vəziyyətdə də əlaltı materialla bağlayırlar. Ancaq oynağı bükməkdən əvvəl bükülən yerə hər hansı əlaltı materialdan yumşaq yastıqca qoyulur.
Ətrafı bu cür sıxıb bağladıqda arteriya da sıxılır və qanaxma müvəqqəti olaraq dayandırılır.
Yekunda bir daha qeyd edək ki, bu üsullar hamısı qanaxmanın müvəqqəti dayandırılması üçün göstərilən ilk yardımdır. Yəni, hadisə yerində ilk yardım göstərilir, tam tibbi yardım üçün təcili yardım çağırılır, yaxud zərərçəkən həkimə çatdırılır.
Materiallardan istifadə edərkən Tibbiportal.az saytına aktiv link göstərilməlidir