Erkən diaqnoz bir çox xəstəliyin uğurlu müalicəsi üçün çox vacibdir. Hər hansı bir sağlamlıq probleminiz və ya simptomunuz olmasa belə, nizamlı olaraq sağlamlıq müayinəsindən keçmək faydalıdır. Ona görə də bütün həkimlər mütəmadi olaraq müayinələrdən keçməyi tövsiyə edir. Bəs qadınlar ginekoloji xəstəliklər barədə erkən diaqnoz qoyulması üçün hansı müayinələrdən keçməlidir?
Ginekoloq olaraq deməliyəm ki, hər bir qadının ginekoloji sağlamlığının nəzarətdə saxlanılmaıs üçün rutin müayinələr mütləqdir. Lakin müəyyən ginekoloji testlər və müayinələr də vardır ki, onları həkimin tövsiyə etdiyi aralıqlarda etdirmək lazımdır. Mən, həkim mama-ginekoloq Xanım Adıgözəlova sizə bu testlərdən bəziləri ilə bağlı məlumat verəcəyəm.
Pap-SMEAR Testi
Pap testi olaraq da bilinən Pap-SMEAR testi uşaqlıq boynu xərçənginin erkən diaqnozu üçün son dərəcə vacibdir. Pap testi 21 yaşdan sonra, yaxud da ilk cinsi əlqədən sonrakı 3 il müddətində edilir. Lakin HPV-yə yoluxmuş və ya xərçəng tarixi olan hər bir qadın üçün tövsiyə edilən bu test daha erkən yaşda edilə bilər.
Pap-SMEAR testində uşaqlıq boynundakı hüceyrələrdən nümunələr götürülür və bu hüceyrələrin böyüməsində anormallıq olub-olmadığı araşdırılır. Pap-SMEAR menstruasiya dövründən öncə qeyri-dəqiq nəticələr verə bilər deyə ginekoloq müayinəsi zamanı həkiminiz testin zamanını planlarkən aybaşı dövrünüzü nəzərə alacaqdır. Həmçinin testdən bir gün əvvəl duş qəbul etməmək və cinsi əlaqədə olmamaq da faydalıdır.
Pap-SMEAR testi ilə bağlı daha ətraflı məlumat əldə etmək istəyirsinizsə, “Pap-SMEAR Testi Nədir? Pap-SMEAR Testi Necə Olur?” adlı yazımı oxuya bilərsiniz.
Süd vəzilərinin yoxlanılması
Hər bir qadın mütləq şəkildə müntəzəm olaraq süd vəzilərinin yoxlanılması üçün müəyyən müayinələrdən keçməlidir. Ginekoloq müayinəsi zamanı ilkin olaraq süd vəziləri əllə və ehtiyac olarsa, USM ilə yoxlanılır. Əgər hər hansısa patalogiya olarsa, o zaman onkoloqa yönləndirilir.
Daxili cinsiyyət orqanlarının müayinəsi
Mütəmadi olaraq edilən ginekoloji müayinədə siz daxili cinsiyyət orqanlarının vəziyyəti haqda ətraflı məlumat əldə edə və erkən müayinəyə başlaya bilərsiniz. Belə ki, bu müayinə zamanı ikincilli endometriozun, yumurtalığın xoşxassəli kistalarının və digər ginekoloji xərçəng növlərinin ilkin diaqnozu qoyula bilər.
Yumurtalıq xərçəngi erkən mərhələdə simptomları olmayan xərçəng növlərindən biridir. Buna görə də erkən diaqnoz asan deyil. Araşdırmalar göstərir ki, yumurtalıq xərçəngində erkən aşkarlanma nisbəti 20% təşkil edir.
Qadınlarda baş verən ginekoloji xərçəng növləri ilə bağlı daha ətraflı məlumat əldə etmək üçün “Ginekoloji xərçəngin növləri müalicə üsulları hansılardır?” adlı yazımı oxuya bilərsiniz.
Sonsuzluğun təyini üçün test və müayinələr
Sonsuzluğun səbəbini anlamaq üçün müxtəlif sonsuzluq testləri aparılır. Tibbi və texnoloji biliklər inkişaf etdikcə isə sonsuzluq testlərinin müxtəlifliyi artır. Bu test və müayinələr kişi və qadınlarda fərqli olur. Qadınlarda sonsuzluğun təyini üçün bir sıra test və müayinələr edilir. Belə ki, vaginal ultrasonoqrafiya, qanda AMH, TSH və prolaktin (süd hormonu) kimi hormon testləri edilir. Həmçinin şiddətli qasıq və ya aybaşı ağrıları olan qadınlarda və ya gənc qızlarda MRT ilə əlavə müayinə, bəzən laparoskopiya və ya histeroskopiya ilə müayinə və eyni vaxtda müalicə tələb oluna bilər.
Unutmayın ki, hər bir xəstəliyin erkən diaqnozu həmin xəstəliklər mübarizədə olduqca önəmlidir. Ona görə də hansısa ginekoloji sıxıntınız varsa – vaginal qaşınma, normadan artıq vaginal axıntı, hamilə qala bilməmək, çanaq ağrısı, bu və bu kimi simptomları hiss edirsinizsə, mütləq ginekoloq müayinəsində olun. Ginekoloq müəyyən müayinələri edib ehtiyac olarsa, sizi lazımi istiqamətdə yönləndirəcəkdir. https://drxanim.az/
Həkim haqqında: https://tibbiportal.az/doctor-detailed/2413
Materiallardan istifadə edərkən Tibbiportal.az saytına aktiv link göstərilməlidir