Varikoz xəstəliyinin təhlükəsi nədən ibarətdir?

Varikoz xəstəliyinin təhlükəsi nədən ibarətdir?

Опубликовано в: XƏSTƏLİKLƏR | 2019-08-02
Varikoz xəstəliyinin təhlükəsi nədən ibarətdir?

Əfsuslar olsun ki, qadınların əksəriyyəti üçün varikoz xəstəliyi kosmetik problem kimi qəbul edilir. Ona görə də varikoz xəstəliyinə məruz qalanlar tibbi xidmət almaq üçün, əsasən xəstəliyin gecikmiş formalarında müraciət edirlər.

Ancaq az adam bilir ki, varikoz xəstəliyini vaxtında düzgün müalicə etmədikdə, həkim məsləhətlərinə riayət etmədikdə, bu xəstəlik bir çox ağır, hətda həyat üçün təhlükəli olan fəsadlar verə bilər.

Belə təhlükəli fəsadlardan biri –​ venoz trombozdur.​ Tromboz zamanı venanın mənfəzində qan laxtası (tromb) əmələ gəlir. İri vena zədələndiyi halda bu, zədələnmiş sahədə qan dövranının demək olar ki,​ tam şəkildə tutulmasına, nəticədə isə​ ətrafın venoz qanqrenasına​ (ölüb getməsinə) səbəb ola bilər. Bir sıra belə hallarda ətrafı amputasiya (kəsmək) etmək lazım gəlir.

Dərin venaların trombozu zamanı, tromb venanın divarından qoparaq, qan axını ilə​ ağ ciyər arteriyasına daxil olaraq onun müəyyən bir hissəsini qapaya bilər. Nəticədə isə ürəyin öz fəaliyyətini dayandırması səbəbindən ölüm də baş verə bilər.

Varikozun təhlükəli fəsadlarından biri də​ tromboflebitdir​ (səthi venaların iltihabı və trombozu). Bəzi hallarda tromboflebit zamanı təcili olaraq cərrahi əməliyyat etmək tələb olunur.

Varikoz xəstəliyi zamanı venoz qan axınında durğunluq baş verməsi səbəbindən toxumaların qidalanmasının pozulması nəticəsində trofik xoraların yaranması baş verir. Belə yaralar uzun müddət ərzində mövcud olaraq müalicəyə çətinliklə tabe olur və tədricən, çox yavaş-yavaş bağlanırlar. Açıq şəkildə olan belə yaralara mikrob düşməsi nəticəsində, orada təhlükəli iltihabi prosesin başlanması ehtimalı da olur.

Varikoz damarlardan baş verən qanaxmalar​ da ciddi, bəzi hallarda isə həyat üçün təhlükəli olan fəsadlardan hesab olunur. “Zədələnmiş” venaların üzərindəki dəri müəyyən bir müddətdən sonra xeyli dərəcədə nazikləşdiyi üçün, hətda kiçik bir travma nəticəsində deşilərək, həmin nahiyyədən qanaxmaya səbəb ola bilər.

Müəllif: "Ürək-damar cərrahı" Dr. Arzu Vahidoğlu Məmmədov



Materiallardan istifadə edərkən Tibbiportal.az saytına aktiv link göstərilməlidir
Мы в Youtube
Чем мы можем вам помочь?
Copyrights © 2019 : BSA Company, Baku, Azerbaijan Qeydiyyat