Hepatit c xəstəliyi hepatit c viruslarının törətdiyi qaraciyərin zədələnməsi və fibrozlaşmasına gətirib çıxaran qaraciyərin iltihabi xəstəliyidir. Çox geniş yayılmış xəstəliklərdən hesab olunur. Ümumdünya səhiyyə təşkilatının məlumatına görə hazırda dünyada 75 milyon xroniki hepatit c xəstəsi var. Hər il bu xəstəlik səbəbindən 400 minə qədər insan dünyasını dəyişir. Ən çox Misir (22%), Pakistan (4.8%), Çin (3.2%) kimi ölkələrdə yayılmışdır.
Hepatit c virusunun 7 genotipi var. 1,2,3,4,5,6 və 7-ci genotip. Genotip 1 kəskin qaraciyər iltihabı və HCC ilə əlaqəli genotipdir. Genotip 1a ABŞ`da, Genotip 1b avropa, türkiyə, yaponiya və bizim ölkəmizdə yayılmışdır. Bizim ölkəmizdə 2-ci və 3-cü genotipə də rast gəlinir.
Xronik hepatit c xəstəliyinin əlamətləri
Hepatit c virusları qaraciyərə daxil olaraq tədricən onları zədələyir. Müəyyən müddət sonra (10-20 il ərzində, nadir hallarda isə qısa müddətdə) qaraciyər sirrozuna və xərçənginə gətirib çıxarır. Xronik hepatit c xəstəliyinin ilkin əlamətləri əsasən qaraciyərdən kənar simptomlar olur. Oynaqlar, əzələ və dəri prosesə cəlb olunur. Aşağıdakı simptomlar ola bilər:
- Yorğunluq, halsızlıq 53%
- Artralgiyalar (oynaq ağrıları) 23%
- Paresteziyalar (hissiyyat pozğunluqları) 17%
- Mialgiyalar (əzələ ağrıları) 15 %
- Qaşıntı və qızartı (əsasən aşağı ətraflarda olur) 15%
- Sicca (Şögren) sindromu – ağız və gözlərdə quruluq 11%
- Neyropatiya (sinirlərin zədələnməsi)
Diaqnozu
Qan sayımı, qaraciyər testləri, anamnez, hepatit c antitel testi, polimeraza zəncirvarı reaksiya (PZR), HCV genotipləşdirmə, qaraciyər biopsiyası (indi az istifadə olunur), elastometriya və s. testlər diaqnozun qoyulmasında rol oynayır. Bu analizlərlə hepatit c virusunun növü, miqdarı, qaraciyərin zədələnmə dərəcəsi və xəstənin ümumi vəziyyəti barədə məlumat almaq olur.
Müalicəsi
Müalicəsi yeni antiviral dərmanlarla aparılır, düzgün müalicə aparılarsa xəstələr 3-6 ay ərzində tamamilə sağalır. Qaraciyərdə sirroz yoxdursa müalicə 3 ay, sirroz inkişaf edibsə müalicə müddəti 6 aya qədər uzana bilər. Əvvəllər işlədilən İnterferon iynə və ribavirindən effektinin zəif, əlavə təsirlərinin çox olması səbəbindən indi az istifadə olunur.
Yoluxma
Hepatit c virusunun aşağıda mümkün yoluxma yolları göstərilmişdir:
- Qanköçürmə
- Qeyri-steril iynələrlə inyeksiya
- Səhiyyə işçiləri tibbi prosedurları icra edən zaman yoluxa bilər.
- Cinsi yolla (bu ehtimal çox azdır, homoseksuallarda bu yoluxma yolu daha böyük rol oynayır)
- Tattoo, akupunktura
- Stomatoloji xidmətlər
- Cərrahi əməliyyatlar
- Anadan dölə yoluxma (4-5% təşkil edir)
Müəllif: "İnfeksionist-Hepatoloq" Mərdan Əliyev
Materiallardan istifadə edərkən Tibbiportal.az saytına aktiv link göstərilməlidir