Depressiya və ya depressiv pozuntu günümüzün ən çox yayılan xəstəliklərindən biridir. Dünya Səhiyyə Təşkilatının məlumatına əsasən inkişaf etmiş ölkələrdə ən çox əlilliyə səbəb olan 3 xəstəlikdən biridir. Təxminən hər 7 insandan biri həyatının hər hansı bir zamanında depressiv epizod keçirir. Depressiya zamanı daha çox rast gəlinən əlamətlər aşağıdakılardır.
- Əhval ruhiyənin aşağı olması;
- Zövq aldığınız işlərin artıq zövq verməməsi, maraqsız gəlməsi;
- İnsanın özünü günahkar hiss etməsi;
- Əsəbilik, kiçik şeylərin həddindən artıq gərginləşdirməsi;
- Yuxu pozulması (həddindən artıq yuxu istəyi və ya yuxusuzluq);
- Günlərlə sürən yorğunluq hissi;
- Adaptasiya pozulması, diqqətsizlik;
- Ümidsizlik;
- Ölüm və ya intihar barədə düşünmək;
- Bu və ya bəzər düşüncələr insanın normal halda rahatlıqla edə biləcəklərini olduqca çətinləşdirir. Həyat keyfiyyətini olduqca aşağı salır.
Depressiyanın müalicəsi necə aparılır?
Depressiyanın müalicəsi farmakoterapiya (dərman), psixoterapiya (söhbət) və ya hər ikisinin birgə istifadəsi ilə aparılır. Bir çox halda bu iki müalicə üsulunun birgə istifadəsi daha effektli olur. Depresiv pozuntunun müalicəsi zamanı istifadə olunan müalicə metoduna psixiatr qərar verir. Depressiyanın müalicəsi üçün antidepresan seçimi xəstənin fərdi xüsusiyyətlərinə görə aparılır. Antidepresan dərmanların təsiri təxminən 4-6 həftə ərzində çıxmağa başlayır. Ancaq bəzi hallarda daha tez effekt görmək də mümkündür.
Müəllif: Uzman "Psixiatr" Dr. Fuad Bəşirov
Materiallardan istifadə edərkən Tibbiportal.az saytına aktiv link göstərilməlidir