Xroniki qastrit
Anlayış. Mədənin selikli qişasının distrofik və disregenrator dəyişiklikləri ilə müşayiət olunan xronik iltihabına xronik qastrit deyilir. Xronik qastrit klinik və morfoloji məhfum şəkilində nozoloji xəstəlik hesab olunur. Onun morfoloji substratlarmı histoloji tədqiqatın nəticələrinə əsaslanır və çox vaxt müxtəlif sekretor, sensor, motor-evakuator pozğunluqlarla birlikdə meydana çıxır. Klinik olaraq o, özünü qeyri-spesifik ağrı və dispeptik sindromlarla büruzə verir. Xronik qastrit yaşlı əhalinin demək olar ki, yarısından çoxunda rast gəlinir və adətən simptomsuz mövcud olur. Mədənin bütün xəstəliklərinin 85%-ni xronik qastrit təşkil edir. Xronik qastritin fəallığı qastroduodenal pozğunluqlarla qiymətlən-dirilir. Xronik qastrit getdikcə mədənin selikli qişasının atrofiyası ilə nəticələnir və belə halda pernisioz anemiya, mədə limfoması, mədənin xərçəngi kimi ağır və bədxassəli xəstəliklərin inkişafına şərait yaradır. Xəstəlik zamanı bağırsaqların selikli qişasında metaplaziya və displaziya baş verə bilər.
Etiologiya. Xronik qastrit polietioloji xəstəlikdir. Onun etiologiyasında aşağıdakı ekzogen və endogen amillər rol oynayır:
- helikobakter infeksiyası (H. pylori);
- autoimmun amillər;
- duodenoqastral reflüks;
- qastrotrop dərmanlar;
- qida allergiyası;
- alimentar amillər;
- spirtli içkilərdən sui-istifadə etmək;
- siqaretçəkmə;
- peşə mənşəli zərərli və zəhərli maddələr;
- endogen amillər (xronik endogen infeksiya, endokrinopatiya, mübadilə və metobolik pozğunluqlar, hipoksiya, autointoksikasiya, defisit hallar və s)
Xəstəlik onikibarmaq bağırsağın xorası ilə müşayiət oluna bilər.
Xronik qastritin gedişində mədənin selikli qişasında baş verən disregenrator hiperplaziya hesabına poliplər inkişaf edə bilər. Belə hallarda xronik qastrit xronik polipoz qastrit adlanır. O, mədənin sekretor çatışmazlığı ilə müşayiət olunur, bəzən isə mədə qanaxmaları ilə ağırlaşır. Mədənin rentgenoloji müayinəsində biri-birinə oxşar, çox da böyük olmayan dolma defektləri görünür və onların arasında olan selikli qişa, demək olar ki, dəyişilməmiş qalır. Qastroskopiyada, mədənin antral hissəsində kiçik ölçülü poliplər çox sayda nəzərə çarpır. Xəstəlik uzandıqca mədədə olan poliplərin sayı artır və onlar mədənin cisminə tərəf yayılmağa meyl edirlər.
Diaqnostika. Xronik helikobakter mənşəli qastritin diaqnostikası klinik əlamətlərin mövcudluğuna, rentgenoloji, qastroskopik və histoloji müayinələrin nəticələrinə əsaslanır. Qastroskopiya zamanı mədənin antral hissəsindən hiperemiyalı, ödemli, eroziyalı və ya xoralı nahiyələrdən götürülmüş biopsiya materiallarında xronik qastritə aid dəyişikliklərin və H.pylori-nin tapılması (+; + +; + + +) diaqnozu təsdiq edir. Bundan başqa ureaz, C-ureaz tənəffüs testləri qoyulur, mikrobioloji üsuldan istifadə edilir; qanda, mədə şirəsində və ağız suyunda IgG, IgA və IgM mənşəli antitellər müəyyən olunur; xəstəliyin diaqnostikasında mədənin sekretor funksiyasının tədqiqatı və mədə daxili PH-metriyanın aparılması əlavə diaqnostik rol oynayır. Beləliklə, helikobakter mənşəli xronik qastritin verifıkasiyası müvafiq klinik mənzərə ilə birlikdə mədənin selikli qişasında helikobakterlərin tapılmasına, burada onları ekskretlərinin mövcudluğuna və qanda antitellərin olmasına istinad edir.
Xronik autoimmun qastritin diaqnostikası ona məxsus klinik əlamətlərin olmasına, qastroskopiyada mədənin dibində və cismində olan selikli qişanın solğun görünməsinə, selikaltı damarlarının açıq-aşkar olaraq nəzərə çarpmasına, mədənin fundal hissəsində olan selikli qişasının atrofıyası və metaplaziyasının, qanda mədənin pariyetal hüceyrələrinə və daxili amilə qarşı antitellərin mövcudluğuna, hiper-qasirinemiyaya əsaslanır. Autoimmun qastrit zamanı inkişaf edən pernisioz anemiyanın diaqnozu isə qanın analizi, sümük iliyinin punksiyası və meqaloblast qan yaranmasının müəyyən edilməsinə əsaslanır.
Kimyəvi və ya reaktiv reflüks qastritin və ya C tipli qastritin diaqnozu ona müvafiq klinik əlamətlərin yemək vaxtı və ya yeməkdən dərhal sonra nəzərə çarpmasına, mədənin fundal hissəsində olan selikli qişasının atrofiyası və metaplaziyasına, qanda mədənin pariyetal hüceyrələrinə və daxili amilə qarşı antitellərin mövcudluğuna, hiperqastrinemiyaya əsaslanır. Autoimmun qastrit zamanı inkişaf edən pernisioz anemiyanın diaqnozu isə qanın analizi, sümük iliyinin punksiyası və meqaloblast qan yaranmanın müəyyən edilməsinə əsaslanır.
Kimyəvi və ya reaktiv reflüks qastritin və ya C-tipli qastritin diaqnozu ona müvafiq klinik əlamətlərin, yemək vaxtı və ya yeməkdən dərhal sonra epiqastral nahiyədə başlanan ağrıların, turşulu qıcqırma, öyümə, qusma və sair halların olmasına, mədənin antral hissəsinin zədələnməsinə, duodenoqastral reflüksün mövcudluğuna istinad edir.
Xronik qastritin digər formaları (radiasiya mənşəli, limfositar, eozinofılli, Menetriye, qranulematoz və s) və xüsusi ilə digər infeksiyalarla əlaqədar inkişaf edən (H.pylori-dən savayı) qastritlər az təsadüf olunur. Onların hər birinin diaqnostikası müvafiq olaraq qastroskopiya, histoloji, mikrobioloji tədqiqatların nəticələrinə görə dəqiqləşdirilir.
Diferensial diaqnostika. Xronik qastriti ilk növbədə mədənin, daha doğrusu mədə-bağırsaq sisteminin funksional pozğunluqları, kəskin qastrit, xora xəstəliyi, diafraqmanın yemək borusu dəliyinin yırtığı, mədənin xərçəngi və eləcə də qarın boşluğu üzvlərinin digər xəstəlikləri və o cümlədən öd kisəsi, öd çıxarıcı yollarının patologiyası, hepatitlər, pankreatit, kolit və sair xəstəliklərlə müqayisə etmək lazımdır.
Məlumdur ki, mədənin funksional xəstəlikləri zamanı xronik qastritdə olduğu kimi dispeptik və ağrı sindromları qeyd edilir. Hər iki halda xəstələrin anamnezində xəstəliyin uzun müddət ərzində davam olunması və kəskinləşməsi haqqında məlumat mövcud olur. Ancaq, mədənin funksional xəstəlikləri zamanı rast gəlinən dispeptik və ağrı sindromları yeməkdən asılı olmur, çox vaxt təkrar olunan mənfi emosiyaların təsiri altında meydana çıxır və ya kəskinləşir. Xronik qastrit zamanı isə mədənin sekretor funksiyası mənfi emosiyalardan asılı olmayaraq, stabil şəkildə pozulur, yəni artır və ya azalır. Məsələn, mədə şirəsində turşuluğun azalması getdikcə proqressivləşərək sıfıra gəlib çatır. Bundan fərqli olaraq, mədənin funksional pozğunluqlarında mədənin sekretor funksiyası stabil xarakter daşımır.
Müəllif: Həkim "Qastroenteroloq Hepatoloq" Dr. Murad İbrahimov
Materiallardan istifadə edərkən Tibbiportal.az saytına aktiv link göstərilməlidir