Xora xəstəliyi haqqında

Xora xəstəliyi haqqında

Опубликовано в: | 2019-01-28
Xora xəstəliyi haqqında
Xora xəstəliyi mədə və on iki barmaq bağırsağın divarında eroziyalardan (səpkilərdən) fərqli olaraq selikaltı qatı da zədələyərək defekt əmələ gəlməsi ilə səciyyələnən, kəskinləşmə və remissiya mərhələlərinin növbələnməsi ilə davam edən xroniki residivverən xəstəlikdir. Mədənin xora xəstəliyi və on iki barmaq bağırsağın xora xəstəliyi ilə müxtəlif ölkələrdə yaşlı əhalinin 7-10%-i, xüsusən 50 yaşa qədər kişilər xəstələnir. Hesab edilir ki, inkişaf etmiş ölkələrin əhalisinin 10%-i ildə bir dəfə xora xəstəliyi ilə xəstələnir. On iki barmaq bağırsağın xora xəstəliyi mədənin xora xəstəliyi ilə müqayisədə 3-4 dəfə daha çox rast gəlinir. Kişilər qadınlara nisbətən daha çox xəstələnir, on iki barmaq bağırsağın xora xəstəliyi 2-4 dəfə, mədənin xora xəstəliyi təxminən 2 dəfə çox müşahidə olunur.
Əsasən xora əmələ gətirən amillərə irsi meyllilik, psixoemosional stres, qida qəbulu rejiminin pozulması, quru, qızardılmış qidalardan, "fast food"lardan çox istifadə, zərərli adətlərdən siqaretçəkmə, ifrat spirtli içki qəbulu, hipersekretor vəziyyətlər - həddən artıq mədə turşuluğunun sekresiyası, "Helicobacter pylori" bakteriyaları ilə yerli infeksiya, qeyri-steroid dərman vasitələrinin nəzarətsiz qəbulu və s. aiddir.
Uzun müddət xora xəstəliyinə mədə və on iki barmaq bağırsağın selikli qişasının "aqressiv" (mədə turşusu, pepsin, öd turşuları- duodenoqastral reflüks zamanı) və "qoruyucu" amilləri (prostaqlandin, mədə seliyi, yerli qan dövranı) arasında mütənasibliyin pozulması nəticəsində əmələ gələn bir patoloji hal kimi baxılırdı. 1983-cü ildə Marshall və Varren ilk dəfə xronik qastritdən əziyyət çəkən xəstələrin mədəsinin pilorik hissəsinin selikli qişasından yeni bakteriyanı aşkarlayaraq, Helicobacter pylori adlandırdılar. Sonradan mədə və on iki barmaq bağırsağın xora xəstəliyi olanlarda da Helicobacter pylori aşkarlandı və hal-hazırda xoranın müasir müalicəsinin əsas komponenti bu mikrobun məhvinə (erradikasion terapiya) yönəldilir. Yaşlı əhalinin 70% və uşaqların 40%-i Helicobacter pylori ilə infeksiyalaşıb. 92% hallarda on iki barmaq bağırsağın xora xəstəliyinin, 70% hallarda mədənin xora xəstəliyi və 50%-dən çox hallarda mədə xərçənginin yaranmasında bu mikrob əsas rol oynayır.

Müəllif: "Terapevt" Dr. Kəmalə Ağayeva.


Materiallardan istifadə edərkən Tibbiportal.az saytına aktiv link göstərilməlidir
Чем мы можем вам помочь?
Copyrights © 2024 : BSA Company, Baku, Azerbaijan Qeydiyyat
elan yerləşdir pulsuz elan yerləşdirelan