Qadınlarda Prolaktin hormon yüksəkliyi və süd vəzlərindən südün gəlməsi (qalaktoreya)

Qadınlarda Prolaktin hormon yüksəkliyi və süd vəzlərindən südün gəlməsi (qalaktoreya)

Опубликовано в: | 2018-12-24
Qadınlarda Prolaktin hormon yüksəkliyi və süd vəzlərindən südün gəlməsi (qalaktoreya)
Aybaşı gecikməsi kimi problemləri olan qadınlarda prolactin hormonunun səviyyəsi də mütləq yoxlanılmalıdır.
Qanda prolaktin səviyyəsi yüksək olan qadınlarda aybaşı pozğunluğu müşahidə olunduğu halda, bəzilərində yanaşı olaraq süd vəzlərindən südün gəlməsi kimi şikayələri də ola bilər. Bu şikayətin olması hormon yüksəkliyinin nə zamandan bəri olmasını və süd vəzi toxumasının prolaktinə həssaslıq dərəcəsini təyin etməyə köməklik göstərir.

Hamilə olmayan bir qadının süd vəzlərinin qanda prolaktin yüksəkliyinə cavab olaraq süd ifraz etməsi hamiləlik və əmzirmə dönəmində olduğu qədər normal qəbul edilmir.

Prolaktin hormonu – beyində yerləşən və bir çox digər hormonlar da ifraz edən Hipofiz vəzində istehsal olunur. Bu hormon əmzirmə dönəmində süd ifrazından və ovulyasiyanın qarşısını alaraq aybaşının dayanması və qadının yenidən hamilə qalmasının önləməkdən məsuldur.
Prolaktin hormonu hamiləliyin 8-ci həftəsindən etibarən qanda artmağa başlayır. Bu artımın məqsədi hamiləlik zamanı süd vəzlərinin böyüyərək doğuşdan həmən sonra süd verə bilməsini təmin etməkdir. Bu dönəmdə xalq arasında ağız südü (ağuz südü) olaraq bilinən kolostrum adı verilən ilk südün ifrazı başlanır. Bəzi qadınlarda kolostrum hamiləlik dönəmində döş gilələrindən xaric ola bilər ki, bu da normal qəbul edilir.

Qanda prolaktin hormonu niyə yüksəlir?
Prolaktin hormonun südvermə dönəmi xaricində ifrazının artma səbəbləri hələ də tam öyrənilməmişdir və çox hallarda araşdırmalar nəticəsiz qalır.
Süd vəzlərinə endirilən güclü zərbələr, bu nahiyələrdə aparılmış əməliyyatlar, uzun müddət davam edən stress, döş gilələrinin (qadının özü tərəfindən südün gəlib-gəlməməsini yoxlamaq məqsədilə ) qıcıqlandırılması, bəzi qaraciyər və böyrək xəstəlikləri, antidepressant preparatların istifadəsi prolaktin hormonunun yüksəlməsinə səbəb ola bilər.
Hipertoniya müalicəsində istifadə olunan bəzi preparatlar, eestrogen hormonu, kontraseptiv preparatlar və bəzi digər dərman vasitələri yan təsir olaraq prolaktin yüksəkliyinə səbəb olur.
Hormonal pozğunluqların özü də prolaktin yüksəlməsinə səbəb olur. Bunların arasında qalxanabənzər vəzdən (zob) ifraz olunan hormonların yetərsiz olması (hipotiroidizm) nəticəsində prolaktin yüksəlməsinə səbəb olması xüsusi yer tutur. Buna görə də aybaşı pozğunluğunun səbəbi kimi prolaktin hormonunun yüksəlməsi düşünülərsə TSH adı verilən hormonun səviyyəsi də mütləq ölçülür.
Prolaktin hormonu hipofiz vəzindən ifraz olunan və bu ifrazı onun həmən üstündə yerləşən hipotalamus tərəfindən kontrol edilən bir hormondur. Buna görə də hipofiz və ya hipotalamusun bütün xəstəliklərində qanda prolaktin hormonu yüksəlmiş olur.

Hipofiz vəzində olan şişlə (hipofiz adenoması) əlaqəli prolaktin yüksəlməsi
Hipofiz vəzində prolaktin ifraz edən hüceyrələr bəzi hallarda kontrolsuz bir şəkildə çoxalaraq bədənin ehtiyacından daha çox hormon ifraz edərlər. Artan bu hüceyrələr bəzi hallarda kiçik törəmələrə çevrilir. Adenoma adı verilən bu törəmələr əksər hallarda hipofizin və beyinin digər nahiyələrinə təsir etməməklə bərabər, çox nadir hallarda isə böyüyərək ətraf toxumalara (xüsusilə görmə sinirinə) təsir edərək müxtəlif problemlərə səbəb ola bilər. Hipofiz adenomaları adətən mikroadenoma (şişin ölçüsü 10 mm-dən kiçik) və makroadenoma (şişin ölçüsü 10 mm-dən böyük) kimi təsnif olunsa da, müalicə müddəti baxımından yol göstərici deyildir. Makroadenomalar belə, bir çox hallarda dərman müalicəsinə cavab verir.
Prolaktin hormonu yüksəlməsinin hansı əlamətləri var?
Hiperprolaktinemiya problemi olan bir qadında ən çox görülən əlamət süd vəzlərində özü-özünə süd gəlməsi (qalaktoreya) və xüsusilə gecikmələr şəklində olan aybaşı pozğunluğudur. Lakin, hiperprolaktinemiya ara qanamaları, tez-tez aybaşı görmə, aybaşı qanamasının azalması və digər bütün aybaşı pozğunluqlarına səbəb ola bilər. Aybaşı pozğunluğunun əsas səbəbi ovulyasiyanın (yumurtlamanın) olmamasıdır.
Yumurtlamanın olmaması qadında hamilə qala bilməmə problemini ortaya çıxarır. Hamilə qala bilməmə şikayətləri ilə müraciət edən qadınların 5-10% -də prolaktin hormonu yüksəkliyi aşkar olunur.
Prolaktin hormonu yüksəkliyi bir hipofiz adenomasına bağlı olduğunda yuxarıdakılara əlavə olaraq baş ağrıları və görmə pozğunluqları ortaçıxır. Bu iki əlamət hiperprolaktinemiyası olan qadınlarda olduqca çox görülür.
Hiperprolaktinemiya diaqnozu necə qoyulur?
Aybaşı pozğunluğu, hamilə qala bilməmə, süd vəzlərindən əmzirmə dönəmi xaricində süd gəlməsi şikayətlərindən hər hansı biri və ya bir neçəsi ilə müraciət edən qadınların qanda prolaktin hormonunun səviyyəsi yoxlanılır.
Hiperprolaktinemiya diaqnozu qoyulmuş bir qadında hormon səviyyəsinin müəyyən həddən yüksək olması halında, problemin (adenoma və s.) hipofiz və ya hipotalamus nahiyəsində olub-olmamasını araşdırmaq üçün Beyin MRT-nə ehtiyac ola bilər.

Prolaktin hormonu yüksəkliyi necə müalicə olunur?
Prolaktin hormonu yüksəkliyinin yaratdığı problemlər müxtəlif olduğu kimi, müalicə üsulları da müxtəlifdir.
Qalxanabənzər vəz problemləri endokrinoloq tərfindən müalicə olunmalıdır.
Qanda prolaktin səviyyəsini azaldan preparatlar - Dopergin, Parlodel və Dostinex kimi dərman vasitələrindən istifadə olunur. Dozalanma və preparatın seçimi MÜTLƏQ HƏKİMİNİZ TƏRƏFİNDƏN TƏYİN OLUNMALIDIR. Özbaşına qəbul edilməsi faciəvi fəsadlara səbəb ola bilər.
Sonsuzluq müalicəsi zamanı yanaşı olaraq ovulyasiyanı stimullaşdıran müalicə də aparıla bilər.
Təsadüfi müayinə zamanı aşkar olunan və simptomsuz keçən yüngül prolaktinemiyanın müalicəyə ehtiyacı yoxdur. Müəyyən aralarla təkrari analiz verilərək nəzarətdə saxlanılar.

Hipofiz adenomasının müalicəsi.
MRT müayinəsi zamanı aşkar olunan törəmənin ətraf toxumalara təzyiq edib-etmədiyi müəyyən edilərək sonrakı müalicə taktikası buna əsaslanır. Belə ki, adenomalar xoşxassəli şişlər olub, adətən bədxassəli meyllikləri olmayaraq, bir çox hallarda hətta kiçilməyə meylli olurlar. Heç bir şikayəti olmayan qadınların 1-5%-də hipofiz adenomasına rast gəlinir.

Hipofiz adenomasının görmə siniri yaxınlığında yerləşməsi səbəbindən bu xəstələr daimi görmə müayinəsindən keçməlidirlər.
Adenomaların bir çoxu prolaktin səviyyəsini azaldan dərmanlarla müalicə oluna biləcək vəziyyətdə olur. Bu preparatlar hüceyrələrin sayının artmasını əhəmiyyətli dərəcədə qarşısını alaraq, burun yoluyla şişi çıxarma şəklində yerinə yetirilən əməliyyatlara (transnazal, transsfenoidal hipofiz cərrahiyyəsi) hazırlıq üçün uyğun müalicə üsuludur.
Müalicə sonrası müddətdə Hiperprolaktinemiyalı qadınlarda il ərzində ən azı üç dəfə qanda prolaktin səviyyəsi yoxlanılmalıdır.

Müəllif: "Ginekoloq" Dr. Ramil Teymurov


Materiallardan istifadə edərkən Tibbiportal.az saytına aktiv link göstərilməlidir
Чем мы можем вам помочь?
Copyrights © 2024 : BSA Company, Baku, Azerbaijan Qeydiyyat
elan yerləşdir pulsuz elan yerləşdirelan