Qarın yatalağı
Hələ eramızdan əvvəl Hippokrat dövründə yüksək hərarət, soyuqlama, huşun qaranlıqlaşması ılə gedən bütün xəstəlikləri yatalaq hesab edirdilər. Əsrlər boyu bu xəstəliyin epidemiyalarından külli sayda insanlar əziyyət çəkmiş, minlərlə insan həyatlarını itirmişlər. Qarın yatalagı ilə ancaq insanlar xəstələnirlər. Xəstəliyin mənbəyi xəstələr və ya sağlam bakteriya gəzdiricilərdir. Onlar qarın yatalağı çöplərini nəcis, sidik, az-az hallarda isə tüpürcək ilə ifraz edirlər. Xəstəliyin fekal-oral yol ilə ötürülür. Yoluxma istər xəstələrlə bilavasitə ünsiyyət, istərsə də çirklənmiş əşyalar ilə baş verir. Su və kanalizasiya sistemlərində olan texniki nasazlıqlar, səxsi və ictimai gigiyena qaydalarına kifayət dərəcədə riayət olunmaması epidemik kükrəyişlər səbəb olur. Xəstəlik üçün yay-payız ayları daha xarakterikdir. Qarın yatalağına əksərən sporadik şəkildə (tək-tək) rast gəlinir. Bəzən törədicilər su, qida və kompakt yaşayan əhali qrupları arasında məişət-təmas yolu ilə yayılaraq epidemik kükrəyişlər törədir. Bu törədicilər suda və torpaqda bir neçə aya qədər qala bilirlər.
Xəstəliyin əlamətlərinin inkişaf etdiyi ilk günlərdə xəstələr tez yorulmadan, ümumi zəiflikdən, üşütmə, başağrıları, iştəhasızlıqdan şikayət edirlər. Bədən hərarəti 1-3 günə kimi yüksələrək yüksək həddə (39-400C) çatır. Xəstə getdikcə zəifləyir, yuxu pozulur, ətrafdakılara etinasızlıq, gündüzlər yuxuculluq əmələ gəlir. Vaxtında tibbi yardım almayan xəstələrin zaman ötdükcə huşu qaranlıqlaşaraq özünənəzarət itir. Əksər xəstələrdə qəbizlik müşahidə olunur. Bəzi hallarda isə gün ərzində 2-4 dəfə olmaqla diarreya (qarın işləməsi) müşahidə edilir. Üzü solğunlaşır, dərisi quruyur, üzü pastozlaşır, arterial təzyiqi düşür. Xəstələrin bir qismində 8-10-cu günlərdə qarının dərisi üzərində xırda ölçülü qırmızı rəngli səpgilər yaranır və bir neçə günə çəkilir. Xəstəliyin ən təhlükəli fəsadlaşmaları bağırsaq qanaxması və perforasiyası (deşilməsi) sayılır.
Xəstəliyin diaqnozu ilk günlərdə qızdırma zamanı götürülən qanın müayinəsi (hemokultura), elecə də sidiyin və nəcisin əkilməsi - bakterioloji müayinələrlə qoyulur. Hər bir xəstə təcrid olunmalı və stasionar müalicə almalıdır. Müalicə antibakterial, simptomatik dərman preparatları ilə aparılır. Antibakterial müalicə xəstəliyin ən azı 10 qızdırmasız günü başa çatanadək davam etdiriıməlidir. Müalicə başa çatdıqdan sonra xəstələr təkrari dördqat bakterioloji müayinənin mənfi nəticəsi olarsa klinik sagalma ilə stasionardan yazıla bilərlər. Xəstəliyi keçirmişlər üzərində 6 ay müddətində dispanser müşahidə aparılır. İçilən suyun və qəbul edilən qidaların keyfiyyətli olmasına diqqət edilməsi, şəxsi və ictimai gigiyena qaydalarına riayət edilməsi, yaşayış yerlərində milçəklərin məhv edilməsi və s. xəstəliyə yoluxman ehtimalını azaldır.
Müəllif: "İnfeksionist-Hepatoloq" Dr. Azər Nağıyev
Materiallardan istifadə edərkən Tibbiportal.az saytına aktiv link göstərilməlidir