Qadınlarda sidiksaxlamazlıq

Qadınlarda sidiksaxlamazlıq

Опубликовано в: | 2018-08-26
Qadinlarda sidiksaxlamazliq
 Praktiki olaraq hər üç qadından birində meydana çıxır – onlar sidik saxlaya bilmirlər. Qadınlar arasında sidik ifrazını saxlaya bilməyənlərin sayı yaş artdıqca daha da çoxalır.
Sidik ifrazını saxlaya bilməmək onların orqanizmləri üçün heç bir həyatı təhlükə törətməsə də, onların psixolojı halına mənfi təsir göstərir, ağır hallarda onların əmək qabiliyyətinin itirilməsinə səbəb olur.
Qadınlarda çanaq dibi əzələləri kişilərə nisbətən zəif olur. Doğuşlar (xüsusən uzunmüddətli və ağır keçənlər) çanaq dibi (aralıq nahiyəsi) əzələlərini daha da zəiflədir. Qadın ağır fiziki işlə məşğul olursa (və ya əvvəllər olubsa) və ya onun bədən çəkisi normadan artıq olarsa, bu zaman qarındaxili təzyiq artır. Bu da öz növbəsində çanaq dibi əzələlərinin daha çox dartılmasına səbəb olur. Son nəticədə isə qadınlarda kiçik çanaq üzvlərinin (uşaqlıq, sidik kisəsi və düz bağırsaq) aşağı enməsi və hətta kənara çıxması baş verə bilir.
Öz adi yerini dəyişərək aşağı enmiş sidik kisəsi, normal halda olduğu kimi, sidik ifrazını saxlaya bilmir. Nəticə etibarı ilə hətta zəif fiziki gərginlik zamanı (öskürək, gülüş və s. bu kimi hallarda) qadında öz-özünə sidik ifrazı (sidiyin axması) baş verir. Xəstəliyin daha ağır hallarında isə öz-özünə sidik ifrazı, sadəcə, bədənin vəziyyəti dəyişərkən, hətta sakit vəziyyətdə olanda da baş verir.
Əksər hallarda qadınlar sidik ifrazını saxlaya bilməmək problemi ilə üzləşdikdə, bunu yaş ilə əlaqədar olan adi və qaçılmaz hal hesab edərək həkimə müraciət etmirlər. Digərləri isə öz psixoloji durumları üzündən bu barədə həkimlə danışmaqdan utanırlar. Belə hallara yol vermək olmaz! Digər qadın xəstəlikləri kimi, sidik ifrazını saxlaya bilməmək halı vaxtında müalicə olunmasını tələb edir! Belə xəstələr həkimə nə qədər gec müraciət edərlərsə, onların müalicəsi bir o qədər çətin olur. Xəstəliyin gecikmiş formalarında həkimlər əksər hallarda cərrahi əməliyyata əl atmalı olurlar. Ona görə də belə problemlə üzləşən qadınlar, mümkün qədər tez olmaqla, həkim-uroloqa və ya ginekoloqa müraciət etməlidirlər.
Qadınlarda sidik ifrazını saxlaya bilməmək kimi patoloji halı müalicə etmək üçün, sidik kisəsi və sidik kanalı tonusunun artırılması məqsədi ilə, xüsusi dərman preparatlarından istifadə olunur. Müayinə zamanı sidik ifrazını saxlaya bilməməyin səbəbinin qanda qadın cinsi hormonlarının azalması ilə əlaqədar olduğu aşkar edilərsə, onlara hormonal tərkibli dərman preparatları təyin olunur.
Xəstəliyin konservativ (dərmanlar vasitəsi ilə) müalicəsi nəticə vermədiyi hallarda isə həkimlər cərrahi müalicə üsulundan istifadə etməli olurlar.

 Qadınlarda sidiksaxlamazlıq Xəstəliyin profilaktikası

 üçün, yaşından asılı olmayaraq, hər bir qadın öz çəkisinə nəzarət etməli, fiziki hərəkətlərlə kiçik çanaq-aralıq əzələlərini möhkəmləndirməlidir. “Tənbəllərə” isə ayaqlar arasında (mümkün qədər yüksəkdə) sıxmaqla kiçik bir topun gəzdirilməsini məsləhət görmək olar. Qeyd edilən bu son hərəkəti ev işləri görərkən də (məsələn, yemək bişirərkən, qab-qacaq yuyarkən və s. bu kimi işlər görərkən) etmək olar.

Müəllif: "Cərrah-Uroloq" Dr. Ramiz Abdullayev


Materiallardan istifadə edərkən Tibbiportal.az saytına aktiv link göstərilməlidir
Чем мы можем вам помочь?
Copyrights © 2024 : BSA Company, Baku, Azerbaijan Qeydiyyat
elan yerləşdir pulsuz elan yerləşdirelan